“Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı – 2018” tədbiri keçirilib
November 21, 2025AQSİA və Networking.az əməkdaşlığı ilə B2B görüşlər təşkil edilib
November 22, 2025Quba və Xaçmazdan olan 16 gənc qadın sosial sahibkarlıq imkanları və dövlət dəstəyi mexanizmləri ilə tanış olub


Təhsil sahəsində ixtisaslaşan Education HUBın “Öyrən.. İnkişaf et… Tətbiq et” sosial sahibkarlıq proqramı çərçivəsində 24–25 yanvar tarixlərində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində təcrübə klinikası təşkil olunub.
İki gün davam edən proqramda Quba və Xaçmaz rayonlarından olan 16 gənc qadın sosial sahibkarlıq sahəsində mövcud imkanlar, dövlət dəstəyi və maliyyə resursları barədə praktiki məlumatlar əldə ediblər.
Təcrübə klinikası çərçivəsində iştirakçılar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də müxtəlif bankların nümayəndələri və sosial biznes sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
AQSİA sədri Səkinə Babayeva qadın sahibkarların təşkilatlanması, onların inkişafı üçün mövcud imkanlar və üzvlük qaydaları barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin nümayəndəsi Ulduz Babayeva qadın sahibkarlığının dəstəklənməsi üçün tətbiq olunan dövlət mexanizmlərindən danışıb.
KOBİA-nın “KOB inkişaf fondları” departamentinin müdiri Kamran Babayev isə yeni yaradılacaq inkişaf fondları barədə məlumat təqdim edib.
Şimal bölgəsindən olan iştirakçılar INNOLAND-də fəaliyyət göstərən startapların işi ilə yaxından tanış olmaq imkanı da qazanıblar.
Tədbirin ikinci günündə AQSİA sədri Səkinə Babayeva qadın sahibkarların təşkilatlanması və fəaliyyət imkanları barədə geniş təqdimatla çıxış edib. “Ailə Biznesinə Asan Dəstək” (ABAD) modeli haqqında qurumun marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova ətraflı məlumat verib.
İnteraktiv formatda təşkil olunan klinikada uzun illər sahibkarlıqla məşğul olan qonaqlar iştirakçıların suallarını cavablandırıb və öz şəxsi təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “Öyrən.. İnkişaf et… Tətbiq et” sosial sahibkarlıq proqramı İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

