Bakıda II Azərbaycan Halal Biznes Forumu keçirilib
October 10, 2025Kids Academy-də maarifləndirici Tea Talk tədbiri baş tutdu
October 10, 2025Türk dünyasında iqtisadi, mədəni və sosial əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmış Oktan Türk Təşkilatı 26 sentyabr 2025-ci il tarixində İstanbulda möhtəşəm təqdimat mərasimi ilə ictimaiyyətə təqdim edilib. Tədbirdə təşkilatın məqsədləri, baxışı və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Tədbirin açılış nitqini təşkilatın sədri Rauf Babacan söyləyib. O, Oktan Türk Təşkilatının Türk iş dünyasını ortaq platformada birləşdirməyi, Strateji Düşüncə Mərkəzinin isə alim və tədqiqatçılarla birgə uzaqgörən siyasətlər formalaşdırmağı hədəflədiyini bildirib. Babacan həmçinin gənclərə və qadınlara yönəlmiş sosial layihələrin təşkilatın prioritet istiqamətləri sırasında olduğunu vurğulayıb.
Açılış mərasimi türk dünyasının müxtəlif ölkələrindən iş adamları, elm nümayəndələri və mədəniyyət xadimlərini bir araya gətirib. Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Pakistan, ABŞ və Türkiyə təmsil olunub. Həmçinin Azərbaycan, Özbəkistan, Təbriz və Kərkük türk birlikləri milli geyimlər, şirniyyatlar və musiqi alətləri sərgiləyərək mədəni dəyərləri nümayiş etdiriblər.
Azərbaycanı qadın sahibkarlar adından Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva təmsil edib.
Tədbir çərçivəsində 27 sentyabrda İstanbulda Beynəlxalq İş İnsanları Forumu da keçirilib. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan və Pakistanı təmsil edən nüfuzlu iş adamları, qadın liderlər və elm nümayəndələri iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya imkanları və ortaq əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan-Türkiyə Ticarət Nümayəndəliyindən Cavid Abdullayev çıxışında Azərbaycandakı sərmayə imkanları və investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verib. İstanbul Holding rəhbəri Murat Kalsın Türkiyənin iqtisadi gücü və ortaq layihələrin əhəmiyyətindən danışıb.
Forumda qadın sahibkarların çıxışları xüsusi maraq doğurub. AQSİA sədri Səkinə Babayeva, Özbəkistandan Muhabbat Azizova, Azərbaycandan Leyla Seyidzadə və Türkiyədən Nazan Cemcem qadınların iqtisadi layihələrdə daha aktiv iştirakının vacibliyini vurğulayıblar.
Panel müzakirəsi zamanı Leyla Seyidzadə qeyd edib:
“İqtisadi əlaqələrin güclənməsi insanların bir-birini daha yaxından tanıması və bunun üçün effektiv kommunikasiya alətlərinin istifadəsi ilə mümkündür.”
Forum çərçivəsində AQSİA ilə OKTAN Türk Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd regionda qadın sahibkarların rolunun artırılması və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm addım kimi qiymətləndirilib.
Tədbir türk dünyasının sənətçilərinin konsert proqramı və milli rəqs nömrələri ilə yekunlaşıb.










