II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatalada açılıb
November 21, 2025Naftalandakı konfransda regional inkişaf planları təqdim olunub
November 21, 2025AQSİA və GİZ-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgə qadın sahibkarları təcrübələrini paylaşdılar


27 oktyabr 2019-cu il tarixində Gəncə şəhərində Ramada otelində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələşməsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Gədəbəy, Tovuz və Daşkəsən rayonlarından sahibkar qadınlar iştirak edib. Layihənin əsas məqsədi bölgələrdəki sahibkar qadınların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, onların biznes bilik və bacarıqlarını artırmaq, sahibkarlıq fəaliyyətlərinə dəstək olmaqdır.
Tədbirdə çıxış edən AQSİA-nın sədri Səkinə Babayeva ölkədə qadın sahibkarlığın təşəbbüsü və inkişafı üçün həyata keçirilən tədbirlər, eləcə də İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi barədə məlumat verib. Babayeva bildirib ki, AQSİA-nın məqsədi qadın sahibkarlığının potensialını gücləndirmək, onların maraqlarını qorumaq və ən yaxşı təcrübələrin yayılmasını təmin etməkdir.
Tədbir boyunca rayonlardan gələn sahibkar qadınlar da çıxış edərək, təlimlərin onlara verdiyi bilik və şəbəkələşmə imkanlarını paylaşdılar. Onlar iqtisadi və sosial həyatda qadınların rolunun gücləndirilməsi, sahibkarlığın inkişafı və “Made in Azerbaijan” brendi ilə məhsulların dünya bazarına çıxarılması mövzusunda fikirlərini bildiriblər.
Tədbirdə həmçinin layihə iştirakçısı kişilər də iştirak edərək, sahibkar qadınlarla əməkdaşlıq imkanları və biznes əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tədbir qadınların iqtisadi təşəbbüskarlığının artırılması və peşəkar şəbəkələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilib.

