AQSİA və Rabitəbank qadın sahibkarlara mikro biznes dəstəyi göstərdi
November 21, 2025AQSİA nümayəndələri işgüzar səfər çərçivəsində Adıgey Respublikasında sahibkarlarla görüşlər keçirib
November 21, 2025Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində təşkil olunan tədbirdə vətənpərvərlik mövzulu antologiya, əl işləri və xüsusi çıxışlar nümayiş etdirilib
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə fiziki imkanları məhdud istedadlı şəxslər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəssisələrinin sakinləri də iştirak ediblər. Onların əl işlərindən ibarət xüsusi sərgi də təqdim olunub.
Tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış videoçarxın nümayişi ilə başlanıb. Videoçarxda şeir ziyalılar və tanınmış fiziki imkanları məhdud şəxslər tərəfindən səsləndirilir və ümummilli lider Heydər Əliyevin həmin şeirdən söylədiyi bəndlə tamamlanır.
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Millət vəkili Qənirə Paşayeva tədbiri açaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.
Ardınca “Vətən, Bayraq, Millət” şeirlər antologiyası təqdim olunub. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova kitab barədə məlumat verərək bildirib ki, antologiya gənclərdə vətənpərvərlik duyğularının gücləndirilməsinə və dövlət rəmzlərinə sevginin artırılmasına xidmət edir. Vətənpərvərlik mövzusunda seçilmiş 100 şeirdən ibarət kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu şeirlər də yer alıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Nazir bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüslərini və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini xüsusi qeyd edib.
Sahil Babayev həmçinin ötən il nazirliyin dəstəyi ilə nəşr olunmuş “Əlillik qüsur deyil” kitab-albomu və görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı barədə məlumat verib. Nazir deyib ki, nazirlik tərəfindən həyata keçirilən layihələrdən biri də Milli Qəhrəmanların tanıdılması kampaniyasını əhatə edir və bu istiqamətdə görülən işlər gənclərin vətənə sevgi və hörmət hisslərinin gücləndirilməsinə töhfə verir.
Tədbirin bədii hissəsində əməkdar artist Anar Şuşalı “Ölkəm” mahnısını ifa edib. Leyla Əliyevanın “Zəhranın xatirəsinə” şeiri əməkdar artist Hüsniyyə Mürvətovanın təqdimatında səsləndirilib. Paralimpiya çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev, istedadlı gənc Mətanət Qudsi, fiziki imkanları məhdud idmançı Aynur Məmmədova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış ediblər. Şairə və aparıcı Zeynəb Nəcəfova isə öz şeirini söyləyib.
Tədbir xalq artisti Gülyanaq Məmmədovanın və fiziki imkanları məhdud sənətçi Murad Sadığın vətənpərvərlik ruhlu musiqi ifaları ilə davam edib. Sonda fiziki imkanları məhdud şəxslərə bayram hədiyyələri təqdim olunub.



