UNEC-də “Sahibkarlığın inkişafında vergi siyasəti” mövzusunda dəyirmi masa keçirilib
November 21, 2025Bakıda “Beynəlxalq Uşaq Oyuncaqları Sərgisi” keçirilib
November 21, 2025AQSİA sədri qadınların biznes təşəbbüslərinin dəstəklənməsi, yeni müəssisələrin yaradılması və regional inkişaf istiqamətində görülən işlərdən danışdı

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayevanın “Mediaposta”ya verdiyi müsahibədə ölkədə qadın sahibkarlığının inkişafı, yeni layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verilib.
Səkinə Babayeva bildirib ki, son dövrlər Prezidentin tövsiyəsi ilə Dövlət Komitələrinin və müvafiq qurumların dəstəyi ilə qadın sahibkarlığının inkişafına yeni nəfəs gətirilib. AQSİA-nın əsas məqsədi təcrübəli iş qadınlarını Assosiasiyaya cəlb etmək, onların bilik və təcrübələrini digər qadınlarla bölüşməkdir. Onun sözlərinə görə, müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən qadınların peşə hazırlığına, istehsal yönümlü fəaliyyətinə dəstək verilir, pulsuz təlim və treninqlər keçirilir.
Səkinə Babayeva qeyd edib ki, regionlarda insanların tələbatları araşdırılır, statistik məlumatlar toplanır və nəticələrə uyğun olaraq yeni biznes istiqamətlərinin yaradılması üçün addımlar atılır. Aksiyanın əsas rolu bacarıqlı və təcrübəli qadınların sayını artırmaqdır. Bu artım isə mövcud sosial-iqtisadi problemlərin həllinə ciddi töhfə verə bilər.
AQSİA sədrinin sözlərinə görə, Assosiasiyada biznes inqubatorların fəaliyyəti də genişlənir:
“Biznes inqubatorların əsas məqsədi qadın sahibkarlar arasında təcrübə mübadiləsini gücləndirməkdir. İştirakçı qadınların təqdim etdiyi ideyalar arasında uşaq bağçalarına xüsusi maraq var. Təkliflər əsasında qocalar və uşaq evinin birgə fəaliyyət göstərəcəyi müəssisənin yaradılması da nəzərdə tutulur.”
O, həmçinin Azərbaycanda uşaq oyuncağı istehsalının zəif olduğunu qeyd edərək bunun gələcəkdə problem yarada biləcəyini vurğulayıb. Bu məqsədlə ölkədə ilk beynəlxalq uşaq oyuncaqları sərgisinin təşkili planlaşdırılır. Assosiasiyanın təşəbbüsü ilə qadınların əl işlərinin uşaqlara yönəlik istehsalında fəaliyyəti genişləndirmək və bu sahədə kiçik istehsal müəssisələrinin əsasını qoymaq nəzərdə tutulur.
AQSİA sədri bildirib ki, qadınlar həm də kənd təsərrüfatının müxtəlif sahələrində yüksək aktivlik nümayiş etdirirlər:
“Bu istiqamətdə Tovuz və Gədəbəydə xam maya ilə çörək istehsal edən sexlər açılıb. Gələcəkdə daha çox qadının cəlb olunacağı yeni istehsal müəssisələrinin açılması da planlaşdırılır.”
Səkinə Babayeva qeyd edib ki, artıq dövlətə təqdim olunmuş 12 iri layihə mövcuddur və onların həyata keçməsi halında 1500 qadının işlə təmin ediləcəyi gözlənilir. Layihələrin əsas məqsədi qadınların rifah halının yüksəldilməsi və kadr potensialının gücləndirilməsidir.
AQSİA-nın orta müddətli hədəfləri ilə bağlı o deyib:
“Biz yaxın gələcəkdə qadın sahibkarlığının səviyyəsini 32 faizdən 50 faizə qaldırmağı düşünürük. Qadınlarımız gənc nəslin bilik və bacarıqlarını artırmaq, onların layihələrinə dəstək vermək üçün Assosiasiyaya çoxlu təşəbbüslərlə müraciət edirlər. İqtisadiyyat Nazirliyi, Milli Sahibkarlar Konfederasiyası, Sosial Müdafiə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu layihələri həyata keçiririk.”
Sonda AQSİA sədri bildirib ki, yaxın iki ildə ən azı 14 kiçik müəssisənin yaradılması nəzərdə tutulur. Onların 6-sının kənd təsərrüfatı və xidmət sahələrində fəaliyyət göstərəcək kiçik sahibkarlıq subyektləri olacağı planlaşdırılır. Assosiasiyanın əsas hədəflərindən biri də texnologiyanın tətbiqi ilə qadın əl əməyinin azalmasına və istehsal proseslərinin modernləşməsinə töhfə verməkdir.

