Maltepede keçirilən Beynəlxalq Qadın Forumunda Azərbaycan nümayəndə heyəti iştirak edib
November 22, 2025KOBİA tərəfindən “İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib
November 22, 2025Yeni təşəbbüs kiçik və orta sahibkarlığın inkişafına, biznes ekosistemində əməkdaşlığın gücləndirilməsinə xidmət edir

Ölkəmizdə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir önəmli təşəbbüsə imza atıb. Bank öz korporativ müştərisi olan sahibkarlar üçün “Sahibkarlar Klubu” yaradıb. Yeni platformanın təqdimatı Marriott Abşeron otelində baş tutub.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri iştirak ediblər.
“Sahibkarlar Klubu”nun yaradılmasında əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, bankın korporativ müştərilərinin mövqelərinin gücləndirilməsi və xüsusilə ixracyönümlü biznes subyektlərinin fəaliyyət imkanlarının genişləndirilməsidir. Bankın müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar klubun üzvü ola bilər.
Klub üzvləri bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər əldə edəcək, həmçinin yerli və xarici tərəfdaşların dəstəyi ilə təşkil olunan birgə tədbirlərdə iştirak imkanı qazanacaqlar. Aqrar, xidmət, turizm, tikinti və ticarət kimi prioritet sahələr üzrə bir sıra innovativ həllər sahibkarların istifadəsinə veriləcək. Klub üzvləri eyni zamanda bankın hazırladığı sosial paketlərdən də faydalana biləcəklər.
“Sahibkarlar Klubu” üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal transformasiya, reklam, gömrük, françayzinq və sığorta kimi sahələrdə dəstək göstəriləcək. Kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac və idxal əməliyyatları, vergi qanunvericiliyi və digər mövzular üzrə keçirilən təlimlərə qoşula, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət ala biləcəklər.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov çıxışı zamanı bildirib:
“Azərbaycan Beynəlxalq Bankı öz tərəfdaşlıq əlaqələri, geniş xidmət şəbəkəsi və imkanları ilə biznes üçün əlverişli ekosistem formalaşdırır. Biz KOB-ların bu ekosistemdə fəal iştirakını və bu inkişaf mühitindən yararlanmalarını istəyirik. ‘Sahibkarlar Klubu’ sahibkarların qarşılaşdığı məsələlərə həll tapılmasına, innovasiyaların tətbiqinə və işgüzar əlaqələrin genişlənməsinə töhfə verəcək.”
Klub barədə daha ətraflı məlumat əldə etmək üçün sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 rəqəmi seçilməklə) zəng edə və ya bankın filiallarına müraciət edə bilərlər.

