AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Ölkə xaricində

Dubayda  Azərbaycan Ticarət Evi
Dubayda  Azərbaycan Ticarət Evi

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, eyni zamanda Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində Azərbaycan Ticarət Evinin açılışında iştirak edib.   Açılışdan öncə, Səkinə Babayeva və Azərbaycan Respublikasının dövlət xadimi və görkəmli diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqaladə və Səlahiyyətli səfiri Daşqın Şikarov işgüzar görüş keçiriblər.   Görüş müddətində, Azərbaycan və BƏƏ sahibkar qadınlarının, həmrəyliyinin və birliyinin güclənməsi, qarşılıqlı görüşlərin keçirilməsi, 17-21 fevralda Dubayda keçiriləcək "Gulfood" sərgisində Azərbaycan qadınlarının vahid standdə iştirak etməsi kimi mövzular müzakirə olunmuşdur.   Qeyd edək ki,Gulfood, dünyanın ən böyük illik qida və içki sərgisidir. Bu il 24-cüsü keçiriləcək sərgidə bir çox Azərbaycan məhsulu da sərgilənəcək.   Azərbaycan Ticarət Evində isə, bir çox şirkət öz məhsullarını nümayiş ettirəcək. Bunların arasında, Bakı Tekstil Fabriki MMC, Gazelli Art House, Buta Agro, Atena kimi şirkətlər də yer alır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir. Yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində Azərbaycan Ticarət Evi açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.   Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dən çox məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş etdirilir. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir.   Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak edib.   Şahin Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir.   Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub: “Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb”.   Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Şahin Mustafayev deyib ki, ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51 faiz, ixrac 31 faiz artıb. Ölkələrimiz investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək BƏƏ Azərbaycana 2,1 milyard dollar, Azərbaycan isə BƏƏ-yə 330 milyon dollar investisiya yatırıb.   Nazir diqqətə çatdırıb ki, "ASAN Viza" sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13 faiz artıb. Ötən il Azərbaycan Turizm Bürosunun Birləşmiş Ərəb Əmirliklərində xarici turizm nümayəndəliyi açılıb: “Dubayda Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb. Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar. BƏƏ-də açılan "Azərbaycan Ticarət Evı" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Həmçinin Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb. İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və BƏƏ rəsmiləri Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb.
Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb.

Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb.  Nazirlik tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur. Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Ş.Mustafayev Polşada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Polşada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi də məhz 2017-ci ildə Polşada təyin olunub. Qeyd olunub ki, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa əlaqələri uğurla inkişaf edir. Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı perspektivlərindən danışan İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb. Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç və xarici işlər nazirinin müavini Maciej Lang Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşada Azərbaycan Ticarət Evinin iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edib, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib. Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar. Tədbir çərçivəsində Azərbaycan Ticarət Evi ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb. Polşaya səfər çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayev Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviçlə görüşüb. Görüşdə Ş.Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, polşalı sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib. Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Y.Emileviç Polşanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.

Həştərxan şəhərində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirildi.
Həştərxan şəhərində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirildi.

Oktyabrın 22-24-də Həştərxan şəhərində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirildi.      Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüsü ilə  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)   təşkilati dəstəyi ilə Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA – nın icraçı direktoru Təranə Məmmədova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin və AQSİA-nın fəal üzvü olan qadınlarla birgə böyük nümayəndə forumda heyəti iştirak edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.     Əvvəlcə Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər.    Sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov qəbul edib.    Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğu vurğulanıb.       Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli Liderin adını daşıyan park, ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində     “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. H.Hüseynova xatırladıb ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda qadın sahibkarlar da iştirak ediblər, Forum çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb.    Həştərxan vilayəti qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Həştərxan və Azərbaycanda qarşılıqlı biznes mərkəzlərinin tikilməsinin əhəmiyyətini vurğulayıb, qadın sahibkarları forumunun bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.    Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir.   Qeyd edək ki, Forum çərçivəsində keçirilən sərgidə Azərbaycanı təmsil edən Bakı Tekstil Fabrikası, Adeste Group, Nərgiz Klinikası, Buta Glass, Ağ Naftalan, Girdiman Şirkəti, Karvan-L, AftF Consulting, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkzi, Naigin K “Tovuz Baltiya”, Milli Azərbaycan Geyimi, Asena, Gazelli Group, Qədim Quba, ABAD, H2A- Group of Company  və digər  şirkətlərdən qatılan sahibkar qadınlar öz məhsullarını nümaiş etdiriblər.        Azərbaycan və Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı və digər tədbirlər keçirilib.  

“Sial Paris”də Azərbaycan məhsullarına maraq böyükdür.
“Sial Paris”də Azərbaycan məhsullarına maraq böyükdür.

       Oktyabrın 21-də Fransanın paytaxı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb. Avropanın ən irimiqyaslı ərzaq sərgilərindən olan “Sial Paris”də İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.      Sərgidə,  Naigin K “Tovuz Baltiya”-nın icraçı direktoru və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının Beynəlxalq əlaqələr komissiyasının  rəhbəri Günel Məmmədhəsənova iştirak edib.     Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, “Sial Paris” beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.    Qeyd edək ki, xüsusi zövqlə dizayn edilmiş ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirəcək, ixrac imkanlarına dair müzakirələr aparacaqlar. “Sial Paris” beynəlxalq ərzaq sərgisi 25 oktyabr tarixinədək davam edəcək.