AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Ölkə daxilində

Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı
Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı

Xocalı.  Bu şəhərin adı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciə barədə bilən hər kəsin ürəyində dözülməz ağrı ilə hay verir. Erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridib, yerlə-yeksan edilən şəhərin dinc əhalisinə görünməmiş qəddarlıqla divan tutub. Bu aqressiya zamanı şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.   Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakı Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakı ilə tədbir keçirilib. Bunu AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerdə dinc əhalini güllələyiblər, onlara amansızlıqla divan tutublar. Bununla da soyuq, qarlı fevral gecəsində çoxlu qoca, qadın və uşaq əsir düşüb, girov götürülüb və amansız zorakılığa və təhqirlərə, çox əzablı ölümə məruz qalıb. Nə qədər insan erməni silahından meşə və dağlara qaçsa da onların əksəri soyuq və şaxtadan ölüb... Bu, əsl soyqırımdır.   Çıxış edənlər Gülnarə Xəlilova və mərkəzin rəhbəri Leyla Həsənova qeyd ediblər ki, Xocalı faciəsi erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, həm də bütün bəşəriyyət tarixində ən qanlı hadisə kimi yadda qalacaq. Ermənistanın Azərbaycana qarşı davam edən aqressiyası dövründə törətdiyi hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayət və soyqırım öz hüquqi qiymətini və layiqli cəzasını tapmalıdır. Erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalı üçün ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin müstəsna rolu qeyd olunub. Qeyd edək ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ətraf yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ilin mayında atəşkəs rejiminə nail olublar, indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələlik uğursuz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad edilməsi üzrə dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. 

“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı

Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi ilə əlaqədar “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova   bildirib ki, təqdimat AQSİA-nın dəstəyi ilə təşkil edilib. “Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim olunub. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak edib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaq. Vurğulanıb ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etməliyik. Bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıb. Məktəblilər mahnılar ifa edib və Vətən, Qarabağ, Xocalı barədə şeirlər oxuyub. Tədbirdən sonra qonaqlar Xocalı şəhər 2 saylı məktəbdə tədris şəraiti və istedadlı uşaqların bacarıqlarının inkişafı ilə tanış olub.

“Vergilər, Şəffaflıq, İnkişaf”
“Vergilər, Şəffaflıq, İnkişaf”

Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın, Nazirlər Kabineti, Milli Məclis, dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak ediblər. Forumun təşkilində məqsəd ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır. Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılmasının zəruriliyini vurğulayıb. Forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) baş katibi Migel Silva Pinto, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri Məmməd Musayev, «McKinsey & Company» şirkətinin partnyoru Daniel Korn və Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») prezidenti Nuran Kərimov və digərləri çıxış ediblər. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımları dəstəklədiklərini bildiriblər. Forum müzakirələrlə davam edib. Qeyd edək ki, iclasda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri və Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva da iştirak etmişdir.

 “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi.
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi.

14 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub.   Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.   Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 5 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli İqtisadi İslahatlara dair Yol xəritəsinin əsasını təşkil edir. Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ –nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı ilə açılan dəyirmi masada 2017-ci ildən etibarən qanun layihəsinin hazırlanmasında iştirak edən AQTA və Aİ mütəxəssislərinin qida təhlükəsizliyi ilə bağlı təqdimatları dinlənilib.   Q.Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən Agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son nailiyyətlərindən və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış və aidiyyəti qurumlara təqdim edilmişdir. AQTA sədri Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında Agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin də iştirak etdiyini diqqətə çatdırmışdır.   Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. “Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır.” Daha sonra Məmməd Musayev, dəyirmi masanın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib.   Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti “Qida təhlükəsizliyi haqqında” Qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və qeyd etdi ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir. Xanım Qatti, həmçinin, bildirdi ki, hazırda Azərbaycanla Avropa Birliyi arasında yeni müqavilə üzrə aparılan danışıqlarda ticarət, xüsusilə sanitariya və fitosanitariya məsələləri dominant rol oynayır. Sonda xanım Qatti xatırladıb ki, Azərbaycanla Avropa Birliyi arasında qida təhlükəsizliyi, o cümlədən heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və Avropa Birliyi bu tematik sahədə Azərbaycanla əməkdaşlığını davam etdirməyəkdən məmnundur. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, habelə istehlakçı assosiasiyalarının iştirak etdiyi tədbirdə qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirildi. Müzakirə olunan bir sıra məsələlərin AQTA mütəxəssisləri tərəfindən yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab edildi. Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanmışdır. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Tərəflər müvafiq qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səylərin artırılmasının, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi ilə bağlı birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Anlaşma memorandumunda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyinə dair qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirilməsi istiqamətində birgə tədbirlərin təşkili, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.   Qeyd edək ki, dəyirmi masa da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva da İştirak etmişdir.

Turizm şirkətləri üçün görüş
Turizm şirkətləri üçün görüş

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nəzdində olan, Turizm və Otelçilik İşinin Təşkili komissiyası çərçivəsində turizm şirkətləri üçün görüş təşkil olunub.   Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri, Turizm və Otelçilik işinin təşkili komissiyasının sədri və bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak edib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiya idarə heyətinin sədri Səkinə Babayeva qonaqları salamlayıb və  onların problemlərini dinləyib. Çıxışı zamanı bu sektorda qadın sahibkarların rolundan danışıb və öz tövsiyyələrini bildirib. Bakı Peşə Turizm məktəbinin direktoru Nilufər Kərimova danışıq zamanı məktəbin məzunlarının savadlı kadr kimi yetişdiyinə və bu sahədə olduqca bacarıqlı olduğunu qeyd edib və şikətlərə martın 1 dən etibarən başlayacaq turizm üzrə təcrübə kurslarından bəhs edib. “Milennium”  travel şirkətinin təsisçisi Ruslan Quliyev turizmlə bağlı bir çox məsələləri dilə gətirib və bu sahədə lisenziyanın olmamasının mənfi tərəflərini, bununla bağlı sektorda yaranan problemlərdən danışmışdır. O həmçinin bu sahədə master klasların keçirilməsinin vacibliyini qeyd edib. Görüşdə qonaq qismində iştirak edən, “Greenwich” travel şirkətinin gəlmə turistlər üzrə mütəxəssisi Xəyal Əliyeva müzakirə əsasında şirkətlərin birləşib turizm sahəsində vahib bir layihə təqdim etməklərini və bu layihədə turizmlə bağlı problemlər öz əksini tapmasının vacibliyini bildirib. O həmçinin turizm üçün daha maraqlı məkanların qurulmasının Azərbaycana daha cox turizm axınına səbəb olacagını bildirib. Sonda, Turizm və Otelçilik İşinin Təşkili komissiyasının sədri Cəmilə Abdullayeva səsləndirilən məsələlərlə bağlı öz fikrini bildirib. Eyni zamanda, Azərbaycanı düzgün təbliğ etmək üçün videorolik, çap işlərinin hazırlanmasının və beynəlxalq tədbirlərə gedən nümayəndələrinin hazırlıq səviyyəsinin vacibliyini vurğulayıb. O, bu sektorda yeni turizm xətlərinin hazırlanmasını və əyləncə sahələrinə olan tələbatdan danışıb.