AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Mediada biz

“Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018”
“Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018”

Dekabrın 28-də rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018” tədbiri keçirilib. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkə başçısının rəhbərliyi ilə sistemli və ardıcıl islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, iqtisadiyyatda müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlət başçısının sərəncamları ilə ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına, beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına, iqtisadi inkişafa verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 24 şəxsə medalları və fəxri adların vəsiqələrini, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da həmin tədbirdə ölkədə Qadın Sahibkarlığına dəstək olmasına görə mükafata layiq görülüb. 

AQSİA
AQSİA

Bu yaxınlarda təsis edilmiş Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin növbəti uğurlu nəticələrindən biridir. Assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva qurumun planları barədə  sualları cavablandırıb. Müsahibəni təqdim edirik. - Səkinə xanım, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası hansı zərurətdən yarandı? Ölkəmizdə buna alternativ qurumlar varmı? - Belə bir assosiasiyanın yaradılması zərurəti sahibkar qadınların dövlət başçısının və dövlət qurumlarının nümayəndələri ilə görüşləri zamanı yaranan suallardan irəli gəldi. Bu qənaətə gəldik ki, iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi üçün belə bir assosiasiyanın yaradılması vacibdir. İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək alandan sonra bu qurum yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlara əsasən qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi baxımından düşünürəm ki, bu assosiasiyanın böyük rolu olacaq. Onu da deyim ki, iqtisadiyyatın inkişafı üçün artıq bir neçə assosiasiya yaradılıb. Məsələn, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Balçılar Assosiasiyası, Fındıqçılar Assosiasiyası, Şərabçılar Assosiasiyası yaradılıb. Lakin Sahibkar Qadınlar Assosiasiyasının yaradılmasına aidiyyəti məsələlərin daha konkret müstəvidə həlli baxımından ölkəmizdə ehtiyac var idi. - Assosiasiyanın nizamnaməsi hazırdımı? - Nizamnamə bu yaxınlarda hazır olacaq. Bir ay müddətində qeydiyyatdan keçəcəyik. Nizamnamə layihəsində, ilk növbədə, qadın sahibkarlar üçün imkanların yaradılması, müvafiq sahənin məhsullarının və ya xidmətlərin mediada reklam etdirilməsi, onlayn satışların, “Facebook” səhifəsinin yaradılması nəzərdə tutulur. Habelə qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı regionlarda təlim və tədrisin genişləndirilməsində, xarici ölkələrdə Sahibkar Qadınlar Assosiasiyasının xətti ilə xanım sahibkarların iqtisadi əlaqələr qurmasında bu qurumun böyük imkanları olacaq. - Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir? Onlar qeyri-neft sektorunun inkişafında nə kimi işlər görürlər? - Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınların təhsil sahəsində xeyli nailiyyətləri var. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində assosiasiyamız müəyyən işlər görməyi planlaşdırır. - Siz həm də “Bakı Tekstil Fabriki” MMC-yə rəhbərlik edirsiniz. Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində Sizin fabrikin məhsullarının nümayiş olunması fabrikin məhsullarının ixracına nə dərəcədə təsir edib? - “Bakı Tekstil Fabriki” uzun illərdir ki, Azərbaycan iqtisadiyyatına töhfə verir. Bu, təkcə mənim deyil, bütün kollektivin nailiyyətidir. Kollektivimiz uğur qazanmağı öz qarşısına məqsəd kimi qoyub. Ən başlıcası odur ki, fabrikimizdə yeni üç istehsal sahəsi açılıb. Bu istehsal sahələrində 60 nəfərin işə götürülməsi nəticəsində ümumi məcmu məhsul olaraq 200 min manatlıq yeni məhsul artımı müşahidə olunub. Son zamanlar bizə verilən sifarişlər, eyni zamanda, ölkələrarası sazişlər nəticəsində çeşidlərimizi artırmaq və 500 min manat məbləğində aylıq məhsul ixrac etmək məqsədilə müqavilələr imzalamışıq. Minskdəki Ticarət Evində olan məhsullarımızın çeşidlərinə görə 4 növ məhsul üzrə bizə sifarişlər daxil olub. Yaxın günlərdə bu sifarişlər əsasında müqavilə imzalayıb işə başlayacağıq.

“Sial Paris”də Azərbaycan məhsullarına maraq böyükdür.
“Sial Paris”də Azərbaycan məhsullarına maraq böyükdür.

       Oktyabrın 21-də Fransanın paytaxı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb. Avropanın ən irimiqyaslı ərzaq sərgilərindən olan “Sial Paris”də İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.      Sərgidə,  Naigin K “Tovuz Baltiya”-nın icraçı direktoru və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının Beynəlxalq əlaqələr komissiyasının  rəhbəri Günel Məmmədhəsənova iştirak edib.     Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, “Sial Paris” beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.    Qeyd edək ki, xüsusi zövqlə dizayn edilmiş ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirəcək, ixrac imkanlarına dair müzakirələr aparacaqlar. “Sial Paris” beynəlxalq ərzaq sərgisi 25 oktyabr tarixinədək davam edəcək.  

Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib. IDEA İctimai Birliyindən bildiriblər ki, bu il Ümumdünya Ərzaq Günü “Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada “Sıfır aclıq” mümkündür” (Our Actions are our Future. A #ZeroHunger world by 2030 is possible) mövzusuna həsr edilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Bababyeva , icraçı direktoru Təranə Məmmədova və Assosiasiyanın əməkdaşı iştirak etmişdir. Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım (#MyActions) mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşrlər və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən sərgiyə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələri də öz əl işləri ilə qoşulublar. Qeyd edək ki, sözügedən qruplar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır. Tədbir IDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi-Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başlayıb. Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.